BREND ADI
Bio‑Oil®
MƏHSULUN ADI VƏ ÖLÇÜLƏRİ
Skincare Oil 25ml
Skincare Oil 60ml
Skincare Oil 125ml
Skincare Oil 200ml
GÖSTƏRİŞLƏR
Çapıqlar Yeni və köhnə çapıq və ya yara izlərinin görünüşünü yaxşılaşdırmağa kömək edir. Dəri çatları Dəri çatlarının görünüşünü yaxşılaşdırmağa kömək edir. Həmçinin dərinin elastikliyinin yaxşılaşmasına kömək edir, beləliklə dəridə çatların yaranma ehtimalını azaldır. Qeyri-bərabər dəri tonu Qeyri-bərabər dəri tonunun görünüşünü yaxşılaşdırmağa kömək edir. Yaşlanan dəri Üz və bədəndə yaşlanan dəri görünüşünü yaxşılaşdırmağa kömək edir. Dehidratlaşmış dəri Nəm itkisini azaltmağa kömək edir və dehidratlaşmış dərinin görünüşünü yaxşılaşdırır.
TƏQDİMAT
Narıncı/çəhrayı rəngli yağ.
FORMULASI
Vitaminlər və bitki ekstraktları ilə xüsusi yağ qarışığı.
İNQREDİYENTLƏR
Paraffinum Liquidum, Triisononanoin, Cetearyl Ethylhexanoate, Isopropyl Myristate, Retinyl Palmitate, Helianthus Annuus Seed Oil, Tocopheryl Acetate, Anthemis Nobilis Flower Oil, Lavandula Angustifolia Oil, Rosmarinus Officinalis Leaf Oil, Calendula Officinalis Extract, Glycine Soja Oil, Bisabolol, Tocopherol, Parfum, Alpha-Isomethyl Ionone, Amyl Cinnamal, Benzyl Salicylate, Citronellol, Coumarin, Eugenol, Farnesol, Geraniol, Hydroxycitronellal, Limonene, Linalool, CI 26100.
ALLERGENLƏR
Bio‑Oil® Skincare Oil-un tərkibində 11 allergen mövcuddur. Əksər allergenlər kimi bunlar da bitki yağlarının və ətrin tərkibində mövcuddur. Onlar aşağıdakılardır: Alfa-izometilionon, Amilsinnamal, Benzil Salisilat, Sitronellol, Kumarin, Evgenol, Farnesol, Geraniol, Hidroksisitronellal, Limonen və Linalool.
TƏHLÜKƏSİZLİK QİYMƏTLƏNDİRMƏSİ
Bio‑Oil® Skincare Oil ixtisaslaşmış toksikoloq tərəfindən təhlükəsizlik qiymətləndirməsindən keçmiş və böyüklər, o cümlədən hamilə və laktasiya dövründə olan qadınlar və üç yaşdan yuxarı uşaqlar tərəfindən təyinatı üzrə istifadə üçün təhlükəsiz olaraq təsnif edilmişdir.
ÇAPIQ/YARA İZİ KLİNİK SINAĞI
Sınaq mərkəzi proDERM Tətbiqi Dermatoloji Tədqiqatlar İnstitutu, Hamburq, Almaniya. Məqsəd Bio‑Oil® Skincare Oil-un çapıqların/yara izlərinin görünüşünü yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək. Nümunə Subyektlər: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik 36 qadın iştirakçı. Çapıqların yaşı: yeni yaranmışdan 3 ilə qədər. Çapıq yerləri: qarın, ayaq, qol, boyun, diz, gövdə, bədənin yuxarı hissəsi. İştirakçıların yaşı: 18-65. Metodologiya Verilənlərin iştirakçılara və qiymətləndiricilərə məlum olmadığı, randomizə olunmuş və plasebo nəzarətli tədqiqat. Subyektlərdə eyni/bənzər və ya kifayət qədər böyük çapıq var idi, bu da məhsulun çapıqların yarısına tətbiq edilməsinə və subyektdaxili müqayisə aparmağa imkan vermişdir. Məhsul 8 həftə ərzində gündə iki dəfə tətbiq olunmuş, hədəf nahiyə əlavə masaj edilməmişdir. Tətbiq müntəzəm aralıqlarla nəzarət altında həyata keçirilmişdir. Qiymətləndirmələr 0, 2, 4 və 8-ci həftələrdə aparılmışdır. Pasiyent və Müşahidəçi Çapıq Qiymətləndirmə Şkalasında (POSAS) müəyyən edilmiş müxtəlif çapıq parametrləri qiymətləndirilmişdir. Nəticə Bio‑Oil® Skincare Oil çapıqların/yara izlərinin görünüşünü yaxşılaşdırmaqda effektivdir. Cəmi 2 həftə sonra (15-ci gün) subyektlərin 66%-də statistik əhəmiyyətli yaxşılaşma müşahidə edilmişdir. 8 həftə sonra (57-ci gün) subyektlərin 92%-i yaxşılaşma göstərmiş, yaxşılaşma səviyyəsi 2-ci həftə ilə müqayisədə demək olar ki, üç dəfə daha yüksək olmuşdur. Tədqiqat müddətində POSAS-da davamlı yaxşılaşma.
AKNE ÇAPIĞI TƏDQİQATI
Sınaq mərkəzi Pekin Universiteti Birinci Xəstəxanası, Dermatologiya Şöbəsi, Pekin, Çin. Məqsəd Bio‑Oil® Skincare Oil məhsulunun Çin mənşəli subyektlərdə üzdəki akne izlərinin görünüşünü yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək üçün araşdırma tədqiqatı. Nümunə Subyektlər: Üzündə yeni əmələ gələn akne çapıqları olan 44 Çin mənşəli subyekt (<1 il). Bio‑Oil® Skincare Oil müalicə qrupu 32 subyektdən, müalicə olunmayan qrup isə 12 subyektdən ibarət idi. İştirakçıların yaşı: 14-30. Metodologiya Randomizə olunmuş, nəzarətli, verilənlərin effektivlik dərəcələndiricilərinə məlum olmadığı tədqiqat. Subyektlər ilkin skrininq qiymətləndirməsində iştirak etmişlər, sonra 1 həftəlik yuyulma dövründən keçmişlər. Məhsul 10 həftə ərzində gündə iki dəfə tətbiq edilmişdir. Tətbiq müntəzəm aralıqlarla nəzarət altında həyata keçirilmişdir. 0, 4, 8 və 10-cu həftələrdə aparılmış qiymətləndirmələrə aşağıdakılar daxil olmuşdur: Qlobal çapıqlanma balının (GSS) tədqiqatçı tərəfindən qiymətləndirilməsi, akne çapıqlarının rənginin/qırmızılığının xromometr ilə ölçülməsi, sebum səviyyələrinin sebumetr ilə ölçülməsi, komedonların və iltihablı lezionların sayının dermatoloq tərəfindən sənədləşdirilməsi. Bundan əlavə, subyektlər hər ziyarətdə özünüqiymətləndirmə anketi doldurmuşlar. Nəticə Klinik dərəcələndirmənin ən yaxşı nəticəsi Bio‑Oil® Skincare Oil məhsulunun makulyar (yastı) akne çapıqlarının eritema və ya qızartılarını azaltması və ümumilikdə dərini daha parlaq etməsi olmuşdur. Özünüqiymətləndirmə sorğusunun nəticələrinə görə, subyektlərin 84%-dən çoxu akne çapıqlarının ümumi vəziyyətində yaxşılaşma, 90%-dən çoxu isə çapıq rəngində yaxşılaşma müşahidə etmişdir. Akne sayının hesablanması və sebum ölçmələrinin nəticələri Bio‑Oil® Skincare Oil məhsulundan istifadənin akneyə səbəb olmadığını və ya onu ağırlaşdırmadığını, yaxud da sebum ifrazını artırmadığını göstərdi.
DƏRİ ÇATLARININ KLİNİK SINAĞI
Sınaq mərkəzi proDERM Tətbiqi Dermatoloji Tədqiqatlar İnstitutu, Hamburq, Almaniya. Məqsəd Bio‑Oil® Skincare Oil-un dəri çatlarının görünüşünü yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək. Nümunə Subyektlər: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik 38 qadın iştirakçı. Dəri çatlarının səbəbləri: müxtəlif (hamiləlikdən sonra, çəki artımı və ya yeniyetmələrdə sürətlə böyümə). Dəri çatlarının yerləri: qarın, bud və omba. İştirakçıların yaşı: 18-65. Metodologiya Verilənlərin iştirakçılara və qiymətləndiricilərə məlum olmadığı, randomizə olunmuş və plasebo nəzarətli tədqiqat. Subyektlərdə eyni/bənzər və ya kifayət qədər böyük dəri çatları var idi, bu da məhsulun dəri çatlarının yarısına tətbiq edilməsinə və subyektdaxili müqayisə aparmağa imkan vermişdir. Məhsul 8 həftə ərzində gündə iki dəfə tətbiq olunmuş, hədəf nahiyə əlavə masaj edilməmişdir. Tətbiq müntəzəm aralıqlarla nəzarət altında həyata keçirilmişdir. Qiymətləndirmələr 0, 2, 4 və 8-ci həftələrdə aparılmışdır. Pasiyent və Müşahidəçi Çapıq Qiymətləndirmə Şkalasında (POSAS) müəyyən edilmiş müxtəlif çapıq parametrləri qiymətləndirilmişdir. Nəticə Bio‑Oil® Skincare Oil dəri çatlarının görünüşünü yaxşılaşdırmaqda effektivdir. Cəmi 2 həftə sonra (15-ci gün) subyektlərin 95%-də statistik əhəmiyyətli yaxşılaşma əldə edilmişdir. 8 həftə sonra (57-ci gün) subyektlərin 100%-i yaxşılaşma göstərmiş, yaxşılaşma səviyyəsi 2-ci həftə ilə müqayisədə 2 dəfədən çox artmışdır. Tədqiqat müddətində POSAS-da davamlı yaxşılaşma.
QEYRİ-BƏRABƏR DƏRİ TONU KLİNİK SINAĞI
Sınaq mərkəzi Thomas J. Stephens & Associates, Inc., Texas, Amerika Birləşmiş Ştatları. Məqsəd Bio‑Oil® Skincare Oil-un üz və boynunda yüngül və ya orta dərəcədə fotozədələnməyə məruz qalmış (yaşlanmış) dərisi olan qadınlar tərəfindən istifadə edildikdə qeyri-bərabər dəri tonunun və ləkəli piqmentasiyanın görünüşünü yaxşılaşdırmaqda effektivliyini qiymətləndirmək. Nümunə Subyektlər: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik, üz və boynunda klinik olaraq müəyyən edilmiş yüngül və orta dərəcəli fotozədələnməsi olan 67 qadın iştirakçı. Bio‑Oil® Skincare Oil müalicə qrupu 35 subyektdən, müalicə olunmayan qrup isə 32 subyektdən ibarət olmuşdur. İştirakçıların yaşı: 30-70. Metodologiya Randomizə olunmuş, nəzarətli, verilənlərin effektivlik dərəcələndiricilərinə məlum olmadığı tədqiqat. Subyektlər ilkin skrininq qiymətləndirməsində iştirak etmişlər, sonra 1 həftəlik yuyulma dövründən keçmişlər. Məhsul 12 həftə ərzində gündə iki dəfə üz və boyuna tətbiq edilmişdir. Tətbiq ilkin ziyarətdə nəzarət altında həyata keçirilmişdir. Klinik qiymətləndirmələr 0, 2, 4, 8 və 12-ci həftələrdə aparılmışdır. Subyektlər ayrı-ayrılıqda üz və boyunda qeyri-bərabər dəri tonu və ləkəli piqmentasiya üzrə klinik olaraq dərəcələndirilmişlər. Nəticə Bio‑Oil® Skincare Oil fotozədələnməyə məruz qalmış (yaşlanmış) dəridə qeyri-bərabər dəri tonunun və ləkəli piqmentasiyanın görünüşünü yaxşılaşdırmaqda effektivdir. 4 həftə sonra həm üz, həm də boynun hər iki parametri üzrə statistik əhəmiyyətli nəticə əldə edilmişdir. 12 həftə sonra Bio‑Oil® Skincare Oil müalicə qrupundakı subyektlərin 86%-i üzdə qeyri-bərabər dəri tonu, 71%-i üzdə ləkəli piqmentasiya, 69%-i boyunda qeyri-bərabər dəri tonu və 60%-i boyunda ləkəli piqmentasiya üzrə statistik əhəmiyyətli yaxşılaşma göstərmişdir.
YAŞLANAN DƏRİ KLİNİK SINAĞI
Sınaq mərkəzi Thomas J. Stephens & Associates, Inc., Texas, Amerika Birləşmiş Ştatları. 1-ci sınaq: Üz və boyun Məqsəd Bio‑Oil® Skincare Oil-un üz və boynunda yüngül və ya orta dərəcədə fotozədələnməyə məruz qalmış (yaşlanmış) dərisi olan qadınlar tərəfindən istifadə edildikdə effektivliyini qiymətləndirmək. Nümunə Subyektlər: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik, üz və boynunda klinik olaraq müəyyən edilmiş yüngül və orta dərəcəli fotozədələnməsi olan 67 qadın iştirakçı. Bio‑Oil® Skincare Oil müalicə qrupu 35 subyektdən, müalicə olunmayan qrup isə 32 subyektdən ibarət olmuşdur. İştirakçıların yaşı: 30-70. Metodologiya Randomizə olunmuş, nəzarətli, verilənlərin effektivlik dərəcələndiricilərinə məlum olmadığı tədqiqat. Subyektlər ilkin skrininq qiymətləndirməsində iştirak etmişlər, sonra 1 həftəlik yuyulma dövründən keçmişlər. Məhsul 12 həftə ərzində gündə iki dəfə üz və boyuna tətbiq edilmişdir. Tətbiq ilkin ziyarətdə nəzarət altında həyata keçirilmişdir. Klinik qiymətləndirmələr 0, 2, 4, 8 və 12-ci həftələrdə aparılmışdır. Subyektlər ayrı-ayrılıqda üz və boyun üzrə aşağıdakı effektivlik parametrlərinə əsasən klinik olaraq dərəcələndirilmişdir: ümumi görünüş, yüngül qırışlar, sərt qırışlar, ləkəli piqmentasiya, qeyri-bərabər dəri tonu, vizual kələ-kötürlük/hamarlıq, taktil kələ-kötürlük/hamarlıq, vizual möhkəmlik və aydınlıq (tutqunluq). Nəticə Bio‑Oil® Skincare Oil üz və boyunda fotozədələnməyə məruz qalmış (yaşlanmış) dərinin ümumi görünüşünü yaxşılaşdırmaqda effektivdir. 8 həftə sonra bütün klinik dərəcələndirilmiş effektivlik parametrləri üzrə statistik əhəmiyyətli nəticə əldə edilmişdir. 12 həftə sonra Bio‑Oil® Skincare Oil müalicə qrupundakı subyektlərin 94%-i üzün ümumi görünüşündə, 80%-i isə boynun ümumi görünüşündə statistik əhəmiyyətli yaxşılaşma göstərmişdir. 2-ci sınaq: Bədən Məqsəd Bio‑Oil® Skincare Oil-un dekolte bölgəsində, baldır və qollarda yüngül və ya orta dərəcədə fotozədələnməyə məruz qalmış (yaşlanmış) dərisi olan qadınlar tərəfindən istifadə edildikdə effektivliyini qiymətləndirmək. Nümunə Subyektlər: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik, üz və boynunda klinik olaraq müəyyən edilmiş yüngül və orta dərəcəli fotozədələnməsi olan 67 qadın iştirakçı. Bio‑Oil® Skincare Oil müalicə qrupu 35 subyektdən, müalicə olunmayan qrup isə 32 subyektdən ibarət olmuşdur. İştirakçıların yaşı: 30-70. Metodologiya Randomizə olunmuş, nəzarətli, verilənlərin effektivlik dərəcələndiricilərinə məlum olmadığı tədqiqat. Subyektlər ilkin skrininq qiymətləndirməsində iştirak etmişlər, sonra 1 həftəlik yuyulma dövründən keçmişlər. Məhsul 12 həftə ərzində gündə iki dəfə dekolte bölgəsinə, baldır və qollara tətbiq edilmişdir. Tətbiq ilkin ziyarətdə nəzarət altında həyata keçirilmişdir. Klinik qiymətləndirmələr 0, 2, 4, 8 və 12-ci həftələrdə aparılmışdır. Subyektlər aşağıdakı effektivlik parametrlərinə əsasən ayrı-ayrılıqda dekolte, baldır və qollar üzrə klinik olaraq dərəcələndirilmişdir: ümumi görünüş, qırışıq tekstura, quruluq/qabıqlanma, vizual kələ-kötürlük/hamarlıq və taktil kələ-kötürlük/hamarlıq. Nəticə Bio‑Oil® Skincare Oil fotozədələnməyə məruz qalmış (yaşlanmış) bədən dərisinin ümumi görünüşünü yaxşılaşdırmaqda effektivdir. 4 həftə sonra bütün klinik dərəcələndirilmiş effektivlik parametrləri üzrə statistik əhəmiyyətli nəticə əldə edilmişdir. 12 həftə sonra Bio‑Oil® Skincare Oil müalicə qrupundakı subyektlərin 89%-i dekolte, baldır və qolların ümumi görünüşündə statistik əhəmiyyətli yaxşılaşma göstərmişdir.
DEHİDRATLAŞMIŞ DƏRİ KLİNİK SINAĞI
Sınaq mərkəzi Cənubi Afrika Tibb Universitetinin Fotobiologiya Laboratoriyası. 1-ci sınaq: Stratum corneum-un (buynuz qatının) hidratasiyası və baryer funksiyası Məqsəd Bio‑Oil® Skincare Oil-un bir dəfə tətbiq edilməsi ilə stratum corneum-un (SC) baryer funksiyasına və hidratasiyaya təsirini qiymətləndirmək. Nümunə Subyektlər: Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə malik 40 qadın iştirakçı. Test nahiyəsi: test məhsulları bütün subyektlərin bazu önü hissəsinə ovuc tərəfdən tətbiq edilmişdir. Metodologiya Əsas ölçmə olaraq dəri hidratasiyasının korneometr ilə qiymətləndirilməsi, ikinci dərəcəli ölçmə olaraq baryer funksiyasının vapometr ilə qiymətləndirilməsi. İştirakçılar ölçmələr aparılmazdan 2 saat əvvəl dərinin qurumasına səbəb olmaq üçün bazuönü nahiyələrini sabunla yumuşlar. İlkin instrumental ölçmələr aparılmışdır. Sonra Bio‑Oil® Skincare Oil və etalon yağ bütün subyektlərin bazu önü hissəsinin ayrı-ayrı nahiyələrinə ovuc tərəfdən tətbiq edilmişdir. Ölçmələr məhsulun tətbiq edilməsindən dərhal sonra, həmçinin 2 saat sonra, məhsul silinməzdən əvvəl və sonra yenidən aparılmışdır. Müalicə olunmayan nəzarət sahəsi də bütün zaman nöqtələrində ölçülmüşdür. Nəticə Tətbiqdən dərhal sonra hər iki yağ müalicə olunmayan nəzarət qrupu ilə müqayisədə transepidermal su itkisini (TESİ) azaltmışdır. Yağları dərinin səthindən silməzdən 2 saat əvvəlki zaman nöqtəsində dərinin elektrik tutumu dəyərlərinin artması hər iki yağın tətbiqi nəticəsində dəri nəmlənməsinin artdığını göstərir. İki saat sonra, yağlar dərinin səthindən silindikdən sonra, Bio‑Oil® Skincare Oil etalon yağı ilə müqayisədə TESİ dəyərlərində əlavə artım göstərdi, bu da nəm ifrazının artdığını və beləliklə, dərinin nəmliyinin artdığını göstərir. 2-ci sınaq: Quru dəri görünüşü Məqsəd Quru dərini nəmləndirmək və aradan qaldırmaq üçün Bio‑Oil® Skincare Oil məhsulunun gündə iki dəfə tətbiqinin təsirini qiymətləndirmək. Nümunə Subyektlər: 25 Avropoid mənşəli qadın iştirakçı. Test nahiyəsi: test məhsulları bütün subyektlərin bud nahiyəsinin çöl hissəsinə tətbiq edilmişdir. Metodologiya Dərinin qurumasına səbəb olmaq üçün 7 gün ərzində sabun istifadə edilmişdir. Bio‑Oil® Skincare Oil və etalon yağ gündə iki dəfə tətbiq olunmuşdur. Dərinin qiymətləndirilməsi 1 və 3-cü günlərdə aparılmışdır. Vizual qiymətləndirmələr təlim keçmiş vizual qiymətləndirici tərəfindən 2 qat böyüdücü lampadan istifadə edilərək aparılmışdır. Müalicə olunmayan nəzarət sahəsi də bütün zaman nöqtələrində qiymətləndirilmişdir. Nəticə Həm Bio‑Oil® Skincare Oil, həm də etalon yağ müalicə olunmayan nəzarət qrupu ilə müqayisədə dərinin quruluğunu yaxşılaşdırmışdır. Bio‑Oil® Skincare Oil 3-gündə statistik baxımdan üstün nəticələr vermişdir. Bio‑Oil® Skincare Oil lə müalicə olunan dəri sahələrinin vizual görünüşünün əhəmiyyətli dərəcədə yaxşılaşması onun quru dərini aradan qaldırmaqda effektivliyini təsdiqləmişdir.
HƏSSAS DƏRİ TESTİ
Sınaq mərkəzi Complife Italia S.r.l, Italiya. Məqsəd Bio‑Oil® Skincare Oil məhsulunun dəri qıcıqlanmasına səbəb olma potensialını qiymətləndirmək. Nümunə Subyektlər: 25 iştirakçı; 19 kişi və 6 qadın, hamısı laktik turşu (süd turşusu) testinə əsasən həssas dəriyə malikdir. İştirakçıların yaşı: 18-65. Metodologiya Randomizə olunmuş və nəzarətli tədqiqat. İki sahə qiymətləndirilib: mənfi nəzarətin tətbiq edildiyi sahə (demineralizə olunmuş su) və Bio‑Oil® Skincare Oil-un tətbiq edildiyi sahə. Test məhsulları Finn Chamber® (Finn Kamerası) vasitəsilə iştirakçıların əllərinin arxa hissəsinə 48 saat ərzində tətbiq edilmişdir. Dəri reaksiyaları patç çıxarıldıqdan 15 dəqiqə, 1 saat və 24 saat sonra əsas dəri qıcıqlanmasını qiymətləndirmək üçün dermatoloqun nəzarəti altında qiymətləndirilmişdir. Dəri reaksiyaları 0-4 ballıq şkala ilə qiymətləndirilmişdir (burada “0” eritema, ödem və ya digər dəri qıcıqlanması növlərinin olmadığını, “4” isə ciddi eritema və ödem olduğunu göstərir, bu da tünd qırmızı görünüş və tətbiq sahəsindən kənara yayılmış geniş ödem əlamətlərinin göstəricisidir). Nəticə Subyektlərin heç biri test məhsuluna qarşı hər hansı mənfi reaksiya verməmiş, bütün zaman nöqtələrində bütün subyektlər üçün 0 (sıfır) vizual balı qeydə alınmışdır. Bio‑Oil® Skincare Oil-un dəri tərəfindən tolerə edilməsi “qıcıqlanma yaratmayan” kimi qiymətləndirilmişdir.
QEYRİ-KOMEDOGENLİK TESTİ
Sınaq mərkəzi Complife Italia S.r.l, Italiya. Məqsəd Bio‑Oil® Skincare Oil-un akneyə və komedonlara (sızanaqlara) səbəb olub-olmayacağını test etmək. Nümunə Subyektlər: 20 iştirakçı; Fitzpatrik şkalası üzrə müxtəlif dəri növlərinə və akneyə meyilli dəriyə malik 14 qadın və 6 kişi. İştirakçıların yaşı: 18-65. Metodologiya Randomizə olunmuş və nəzarətli tədqiqat. Məhsul filtr kağızı diskindən istifadə edilərək iştirakçıların üst arxa nahiyəsinə tətbiq edilmişdir. Patçlar 48-72 saat ərzində nahiyədə saxlanılmış, çıxarılmış və yenidən tətbiq edilmişdir. 4 ardıcıl həftə ərzində ümumilikdə 12 patç tətbiq edilmişdir. Üç sahə mənfi nəzarət (demineralizə olunmuş su), test məhsulu (Bio‑Oil® Skincare Oil) və müsbət nəzarət (lanolin spirti - məlum komedogen məhsul) müqayisə edilərək qiymətləndirilmişdir. Hər dəfə məhsulun tətbiqindən əvvəl və sonra komedonların mövcudluğunu müqayisə etmək üçün dəri reaksiyaları hər bir patçın çıxarılmasından 15 dəqiqə sonra dermatoloq nəzarəti altında klinik olaraq qiymətləndirilmişdir. Nəticə Bio‑Oil® Skincare Oil-un komedogen olmadığı aşkar edilmişdir. Bio‑Oil® Skincare Oil-un tətbiq edildiyi sahə mənfi nəzarət sahəsi ilə heç bir əhəmiyyətli fərq göstərməmişdir. Müsbət nəzarət akne yaranmasına səbəb olmuşdur.
ABSORBSİYA (SORULMA) TƏDQİQATI
Sınaq mərkəzi proDERM Tətbiqi Dermatoloji Tədqiqatlar İnstitutu, Hamburq, Almaniya. 1-ci sınaq: Təlim keçmiş qiymətləndiricilər Məqsəd Bio‑Oil® Skincare Oil-un standart tətbiqindən və sürtülməsindən sonra sorulma sürətini qiymətləndirmək. Nümunə Subyektlər: 22 təlim keçmiş qiymətləndirici; 21 qadın və 1 kişi. Test nahiyəsi: test məhsulları bütün qiymətləndiricilərin bazu önü hissəsinə ovuc tərəfdən tətbiq edilmişdir. Metodologiya Verilənlərin iştirakçılara və qiymətləndiricilərə məlum olmadığı, randomizə olunmuş və nəzarətli tədqiqat. Bio‑Oil® Skincare Oil və etalon yağ qiymətləndiricilərin bazu önü hissələrində təyin olunmuş sınaq sahələrinə ovuc tərəfdən tətbiq edilmişdir. Qiymətləndiricilər müəyyən edilmiş sürətdə 100 dövri hərəkət yerinə yetirmişlər. Daha sonra qiymətləndiricilər məhsulların sorulmasını “çox yavaş sorulur” ilə “çox tez sorulur” arasında 5 ballıq şkalada qiymətləndirmişlər. Dəridəki yağ miqdarını qiymətləndirmək üçün iki zaman nöqtəsində sebumetr ölçmələri aparılmışdır: məhsulun tətbiqindən əvvəl və tətbiqdən 2 dəqiqə sonra. Nəticə Bio‑Oil® Skincare Oil-un dəriyə sorulması təlim keçmiş qiymətləndiricilərin əksəriyyəti (77.3%) tərəfindən “çox tez” və ya “tez” olaraq qiymətləndirilmişdir. Bu, ikinci zaman nöqtəsində sebumetr ilə instrumental ölçmə yolu ilə təsdiqlənmişdir. Ölçmə dəridə qalan Bio‑Oil® Skincare Oil miqdarının etalon yağ ilə müqayisədə xeyli aşağı olduğunu göstərmişdir. 2-ci sınaq: İstehlakçı paneli Məqsəd Bio‑Oil® Skincare Oil-un standart tətbiqindən və sürtülməsindən sonra sorulma sürətini qiymətləndirmək. Nümunə Subyektlər: 100 iştirakçı; 97 qadın və 3 kişi. Test nahiyəsi: test məhsulu bütün iştirakçıların bazu önü hissəsinə ovuc tərəfdən tətbiq edilmişdir. Metodologiya Verilənlərin iştirakçılara və qiymətləndiricilərə məlum olmadığı, randomizə olunmuş və nəzarətli tədqiqat. Bio‑Oil® Skincare Oil və etalon yağ iştirakçıların bazu önü hissələrində təyin olunmuş sınaq sahələrinə ovuc tərəfdən tətbiq edilmişdir. İştirakçılar hər birini bir dəqiqə sürtməklə sınaq məhsulunu tətbiq etmişlər. Daha sonra iştirakçılar məhsulların sorulmasını “çox yavaş sorulur” ilə “çox tez sorulur” arasında 5 ballıq şkalada qiymətləndirmişlər. Nəticə Bio‑Oil® Skincare Oil-un dəriyə sorulması iştirakçıların əksəriyyəti (72%) tərəfindən “çox tez” və ya “tez” kimi qiymətləndirilmişdir.
OKLÜZİVLİK SINAĞI
Sınaq mərkəzi Prof. Dr. J Viçers tərəfindən Rigano Laboratories, Milan, İtaliyada keçirilmiş sınaq. Məqsəd Bio‑Oil® Skincare Oil-un verniks kazeozanın (dölün bədənini örtən qoruyucu örüyü, ağ rəngli maddə) oklüzivlik səviyyəsinə bənzər oklüzivlik səviyyəsi göstərib-göstərmədiyini qiymətləndirmək. Verniks kazeoza ideal oklüzivlik səviyyəsinə görə alim-kosmetoloqlar tərəfindən dəri nəmləndirməsində “qızıl standart” kimi qəbul edilir. Metodologiya Məlum miqdarda su insan dərisinin səth xüsusiyyətlərini təqlid edən Vitro-Skin™ adlı yarımkeçirici membranla örtülü laboratoriya şüşələrinə yerləşdirilmişdir. Membrana bərabər miqdarda verniks kazeoza və Bio‑Oil® Skincare Oil tətbiq edilmiş və zamanla laboratoriya şüşəsindən su itkisinin sürəti ölçülmüşdür. Bu, membranda hər hansı bir məhsul olmadan su itkisinin sürəti ilə müqayisə edilmişdir. Hər bir məhsul üçün su buxarının ötürülmə sürəti hesablanmış və q/m²/saat ilə ifadə edilmişdir. Nəticə Bio‑Oil® Skincare Oil verniks kazeoza ilə çox oxşar oklüzivlik səviyyəsi nümayiş etdirmiş, verniks kazeozanın 27,2 göstəricisi ilə müqayisədə 23,5 nəticəsi ilə qeydə alınmışdır.
TƏTBİQİ
Tətbiq etmək üçün Bio‑Oil® Skincare Oil tamamilə sorulana qədər üzə və ya bədənə dairəvi masaj hərəkətləri ilə tətbiq edilməlidir. Məhsulun gündə iki dəfə, minimum üç ay ərzində tətbiq edilməsi tövsiyə olunur. Bio‑Oil® Skincare Oil açıq yaraya və ya çatlamış dəriyə tətbiq edilməməlidir. Yalnız yerli kosmetik tətbiq üçün nəzərdə tutulmuşdur. Səthdəki dəri tam sağaldıqdan sonra çapıq üzərində istifadə etmək təhlükəsizdir. Nəticələr fərddən fərdə dəyişə bilər. İstifadə müddəti Bio‑Oil® Skincare Oil-un müxtəlif klinik sınaqları 8 həftəlik və 12 həftəlik dövrlərdə həyata keçirilmişdir, bu da məhsulun effektivliyinin zamanla qiymətləndirilməsinə imkan vermişdir. Statistik təhlil dərinin görünüşünün cəmi iki həftə sonra əhəmiyyətli dərəcədə yaxşılaşdığını və bu yaxşılaşmanın sınaqların keçirildiyi müddət ərzində davam etdiyini və ya daha da artdığını göstərir. Gündəlik dəriyə qulluq rejimi ilə birlikdə istifadəsi Maksimum absorbsiya üçün Bio‑Oil® Skincare Oil təmizlənmiş dəriyə tətbiq edilməlidir. Bio‑Oil® Skincare Oil-u digər məhsullarla qarışdıraraq “daha uzun müddət istifadə etmək” onun effektivliyinə mənfi təsir edə bilər. Nəmləndirici, günəşdən qoruyucu losyon və ya başqa bir üz kremi tətbiq edirsinizsə, bunu yalnız Bio‑Oil® Skincare Oil tamamilə dəriyə hopduqdan sonra edin. Bütün bədənə tətbiq etmək üçün, Bio‑Oil® Skincare Oil-u duş və ya vanna qəbul etdikdən sonra tətbiq edin. Hamiləlik zamanı istifadəsi Hamiləlik çatları bədənin hər hansı bir yerində yarana bilər, lakin ən çox qarında, budlarda, belin aşağı hissəsində, ombalarda və döşlərdə yaranma ehtimalı daha yüksəkdir. Hamiləlik çatlarının qarşısını almaq üçün Bio‑Oil® Skincare Oil-u bu sahələrə gündə iki dəfə, birinci trimestrin başlanğıcından doğuşdan sonraya qədər tətbiq etmək tövsiyə olunur. Bio‑Oil® Skincare Oil-un müntəzəm tətbiqi həmçinin pruritis gravidarum ilə əlaqədar olan qaşıntılı və dehidratlaşmış dəriyə də aktiv rahatlama təmin edəcəkdir. Hamiləlik dövründə baş verən hormonal dəyişikliklər nəticəsində yaranan qeyri-bərabər dəri tonu üçün də istifadə edilə bilər. Vitamin A və hamiləlik Qadınlara adətən hamiləlik dövründə vitamin A qida əlavələrini məhdudlaşdırmaq tövsiyə olunur və buna görə də tərkibində A vitamini olan dəri məhsullarını istifadə etməklə bağlı narahatlıqları ola bilər. Hər hansı bir maddənin dəriyə tətbiq edilməsi yalnız onun səviyyəsi toksikoloji həddi aşdıqda zərərlidir. Dəri maddələrin daxilə nüfuz etməsinə qarşı əhəmiyyətli baryer formalaşdırdığına görə yerli olaraq tətbiq edilən A vitamininin yalnız bir hissəsi bədənə daxil olur. Avropa Komissiyasının İstehlakçı Təhlükəsizliyi üzrə Elmi Komitəsi (SCCS) A vitamini və onun efirlərinin kosmetik komponentlər qismində istifadə edilməsini qiymətləndirmişdir. SCCS-nin rəyinə görə, bədən losyonlarında A vitamininin maksimum 0,05%-ə qədər retinol ekvivalenti konsentrasiyası ilə istifadəsi təhlükəsizdir. Bio‑Oil® Skincare Oil formulasında mövcud olan A vitamininin səviyyəsi bədən losyonu üçün icazə verilən maksimum konsentrasiyadan xeyli aşağıdır və hamiləlik dövrü boyunca təhlükəsiz şəkildə istifadə edilə bilər. Vitamin A-nı aşağı səviyyədə daxil etməklə, Bio‑Oil® Skincare Oil hamilə qadınlara vitamin A-nın faydalarını hər hansı bir təhlükəsizlik riski olmadan təmin edir. Rozmarin yağı və hamiləlik Yüksək konsentrasiyada rozmarin yağının hamiləliyi poza bildiyi aşkarlanmışdır, yəni menstruasiyanı təşviq edə və ehtimal ki, erkən doğuşa səbəb ola bilər. Buna görə də rozmarin yağını yüksək konsentrasiyada istifadə edən aromaterapevtlər və herbalistlər onun hamiləlik dövründə istifadə edilməməsini tövsiyə edirlər. Lakin Bio‑Oil® Skincare Oil-da rozmarin yağının konsentrasiyası çox aşağıdır və buna görə də hamiləlik dövründə istifadəsi təhlükəsizdir. Laktasiya dövründə istifadəsi Bio‑Oil® Skincare Oil-un ana südü ilə qidalandırma zamanı bədəndə istifadəsi təhlükəsizdir, lakin məmə uclarına tətbiq edilməməsi tövsiyə olunur. Heç bir zərərli təsir ehtimalı olmasa da, körpələr çox həssasdırlar və Bio‑Oil® Skincare Oil-u çox kiçik miqdarda belə udmamalıdırlar. Körpə və uşaqlarda istifadəsi Bio‑Oil® Skincare Oil-un üç yaşdan kiçik uşaqlar üzərində istifadəsinin təhlükəsizliyi qiymətləndirilməmişdir. Doğumdan sonrakı bir neçə il ərzində insan orqanizmində immun sistemin inkişafı da daxil olmaqla, bir çox dəyişikliklər baş verir. Buna görə də, yalnız üç yaşı tamam olmuş və daha böyük uşaqlar üzərində istifadəsi tövsiyə olunur. Məhsul uşaqlara ehtiyatla tətbiq edilməli və göz və ya ağız yaxınlığında istifadə edilməməlidir. Günəşdə istifadəsi Bio‑Oil® Skincare Oil üzərində aparılan testlər məhsulun günəş yanığını gücləndirmədiyini və ya dərinləşdirmədiyini göstərir. Beləliklə, məhsulu günəşdə təhlükəsiz şəkildə istifadə etmək mümkündür, lakin günəşin ultrabənövşəyi A (UŞ-A) və B (UŞ-B) şüalarının zərərli təsirlərinə qarşı heç bir qoruma təmin etmədiyi üçün məhsulu günəş qoruma faktoru (SPF) ən azı 30 olan geniş spektrli günəş kremi ilə birlikdə istifadə etmək vacibdir. Selikli qişa üzərində və ya yaxınlığında istifadə Bio‑Oil® Skincare Oil selikli qişalarla təmas istisna olmaqla, bütün istifadələr üçün təhlükəsiz kimi təsnif edilmişdir. Radioterapiya və ya kimyaterapiya ilə birlikdə istifadəsi Bio‑Oil® Skincare Oil məhsulunun tərkibində radiasiyanı absorbsiya edə bilən hər hansı bir inqrediyent olmasa da, radioterapiya və ya kimyaterapiya müalicəsi alan insanların məhsulu istifadə etməzdən əvvəl tibbi məsləhət alması məsləhət görülür. Farmokoloji məhsullarla birlikdə istifadəsi Bio‑Oil® Skincare Oil kosmetik məhsuldur. Məhsulun farmokoloji məhsullar ilə eyni vaxtda istifadəsi ilə bağlı məsləhət almaq üçün həkimə müraciət etmək daha yaxşıdır. Həssas dəri üzərində istifadəsi Bio‑Oil® Skincare Oil həssas dəriyə tətbiq edilə bilər. Həssas dərisi olan 18-65 yaş arası 25 iştirakçı üzərində aparılan dərinin qıcıqlanması ilə bağlı tədqiqatda heç bir subyektdə formulaya qarşı hər hansı mənfi reaksiya müşahidə olunmayıb. Yağlı dəri üzərində istifadəsi Bio‑Oil® Skincare Oil yağlı dəriyə tətbiq edilə bilər. Akneyə meyilli dərisi olan 18-65 yaş arası 20 iştirakçı üzərində aparılan sınaqda Bio‑Oil® Skincare Oil-un komedogen olmadığı aşkar edilmişdir. Akneyə meyilli dəri üzərində istifadəsi Bio‑Oil® Skincare Oil akneyə meyilli dəriyə tətbiq edilə bilər. Akneyə meyilli dərisi olan 18-65 yaş arası 20 iştirakçı üzərində aparılan sınaqda Bio‑Oil® Skincare Oil-un komedogen olmadığı aşkar edilmişdir. Üzündə yeni yaranmış akne çapıqları olan, yaşı 14-30 arası 44 subyekt üzərində aparılan akne tədqiqatında akne sayının hesablanması və sebum ölçmələrinin nəticələri Bio‑Oil® Skincare Oil məhsulundan istifadənin akneyə səbəb olmadığını və ya onu ağırlaşdırmadığını, yaxud da sebum ifrazını artırmadığını göstərmişdir. Bununla belə, akne problemləri olan insanların Bio‑Oil® Skincare Oil-u istifadə etməzdən əvvəl tibbi mütəxəssisə müraciət etmələri məsləhət görülür.
ÇAPIĞIN FORMALAŞMASI
Çapıq dərinin zədələnməsindən sonra sağalma prosesinin təbii hissəsi kimi meydana gələn kollagenin böyüməsidir. Kollagen bədənin birləşdirici toxumasının əsas komponentini təşkil edən təbii olaraq meydana gələn zülallardan ibarətdir. Dərinin zədələnməsi halında, orqanizm təsirə məruz qalmış sahəni mümkün qədər tez bərpa etməyə çalışır, məqsəd tam sağalmaq deyil, sağ qalmaqdır. Zədəyə cavab olaraq kollagenin sürətlə həddindən artıq istehsalı çapıqların yaranmasına səbəb olur. Çapıq yetkinləşdikcə bir çox dəyişikliklərə məruz qalsa da, heç vaxt ətrafındakı dərinin normal gücünə çata bilmir. Çapıq yerindəki tük follikulları və tər vəziləri yenidən yaranmır. Çapığın formalaşması aşağıdakı dörd mərhələdən ibarətdir: Hemostatik mərhələ Bu, zədə baş verdiyi anda başlayır və bir neçə saat davam edir, çünki zədələnmiş sahə qan axmasına nəzarət etmək üçün qan damarlarını daraldaraq normal vəziyyətini bərpa etməyə çalışır. Zədələnmiş hüceyrələr eyni zamanda qanın laxtalanmasını aktivləşdirmək üçün müəyyən zülallar ifraz edir, beləliklə zədələnmiş damarları tıxayaraq qan itkisini azaldır. İltihabi mərhələ İlk travmadan üç və ya dörd gün sonra yaranan qızartı və şişkinlik immun reaksiyanın görünən göstəricisidir. Ağ qan hüceyrələri yaranı qalıq və bakteriyalardan təmizləmək üçün kimyəvi maddələr buraxır. Proliferativ mərhələ Bu, təxminən üçüncü gündən başlayır və təqribən üç həftə davam edir. Bu mərhələdə yaranın bağlanması və bitişməsi üçün eyni vaxtda üç fərqli proses baş verir: Qranulyasiya: fibroblastlar (kollagen sintezindən məsul hüceyrələr) yaranı dolduracaq kollageni tez bir zamanda istehsal etmək üçün yara yerində çoxalırlar. Epiteliallaşma: yaranı örtmək üçün dəri qatı yaradılır. Yaranın daralması: qüsuru minimuma endirmək üçün yara bir araya çəkilir. Maturasiya mərhələsi Bu “yenidən modelləşdirmə” mərhələsi təxminən üç həftə sonra başlayır və yaranın ölçüsündən və dərinliyindən asılı olaraq iki ilə qədər davam edə bilər. Bu müddət ərzində liflər zədələnmə sahəsinin məruz qaldığı stresin təsirilə yenidən düzüldükcə, çapığın yekun formasını müəyyən edən kollagenin formalaşması davam edir. Çapıq yaranın yerini örtüb qorusa da, asanlıqla zədələnə bilər. Çapıq toxuması adətən normal dərinin dartılma gücünün 70%-ini nümayiş etdirir.
ÇAPIQLARIN NÖVLƏRİ
İnsanların fərqli şəkildə sağalması səbəbilə, çapığın son görünüşü hər bir insanda fərqli olur. Dəri növü, çapığın yeri, zədələnmənin növü, şəxsin yaşı və hətta qidalanma vəziyyəti kimi faktorlar çapığın necə görünəcəyini müəyyən etməkdə rol oynayır. Çapıq növlərini aşağıdakı kateqoriyalara bölmək olar: Adi çapıqlar Bu çapıqlar əvvəlcə iltihablı və tünd görünür, lakin zaman keçdikcə yastılaşır və daha az nəzərə çarpır, nəticədə incə çapıq xətləri əmələ gəlir. Atrofik çapıqlar Bu çapıqlar dərinin səthi altında çöküntülər və çuxurlar yaradır. Məsələn, sızanaq və ya suçiçəyi nəticəsində yaranan çapıqlar. Hipertrofik çapıqlar Bu çapıqlar dərinin səthindən yuxarı qalxır. Onlar həddindən artıq miqdarda kollagen ilə xarakterizə olunur, lakin həmişə ilkin yaranın sərhədləri daxilində qalırlar. Keloid çapıqlar Keloid çapıqlar hipertrofik çapıqlarla qarışdırılmamalıdır. Keloidlər də qabarıq/yuxarı qalxmış çapıqlar olsa da, ilkin yaranın hüdudlarından kənara yayılmaları ilə xarakterizə olunur. Zamanla böyüməyə davam edə bilərlər və kəsildikdən sonra adətən təkrar formalaşırlar. Çapıq kontrakturaları Dərinin davamlı olaraq daralması zamanı kontraktura çapığı yaranır. Bunlar çox vaxt çapıqlar oynaqları və ya dəri qırışlarını düz bucaq altında keçdikdə əmələ gəlir. Çapıq toxuması dartıla bilmir və normal hərəkətə maneə törədə bilir. Çapıq kontrakturaları çox vaxt yanıq xəsarətlərindən sonra baş verir. Dəri çatları (Striyalar) Dəri çatları çox vaxt bədən çəkisinin sürətlə dəyişməsi (məsələn, yeniyetmələrdə sürətlə böyümə, hamiləlik) zamanı bədənin onu əhatə edən dəridən daha sürətlə genişlənərək dəri toxumasında daxili yırtıqlara səbəb olması nəticəsində yaranır. Bu yırtıqlar özlərini bərpa etdikdə, dəri çatları kimi bilinən çapıqlar əmələ gətirir.
DƏRİ ÇATLARININ FORMALAŞMASI
Tibbi nöqteyi-nəzərdən dəri çatları, yaxud striya, sadəcə çapığın başqa bir formasıdır, lakin çox insan onları çapıqlardan fərqli olaraq qəbul edir. Striyalar dərinin sürətlə genişlənməsi dövrlərində, məsələn hamilə qadınlarda, bədən tərbiyəsi ilə məşğul olan insanlarda və yeniyetmələrdə sürətlə böyümə dövründə dərinin üzərində yaranan xətlərdir. Onlar adlarından göründüyü kimi, dartılma səbəbindən yaranır. Açıq dəri rənginə malik insanlarda adətən çəhrayı rəngli, tünd dərili insanlarda isə ətraf dəridən daha açıq rəngli dartılma izləri müşahidə olunur. Dəri təbii olaraq elastikdir. Bu elastiklik dəri toxumasının əsasını təşkil edən dermisdə olan kollagen və elastin tərəfindən təmin olunur. Kollagen bir qrup təbii formalaşan zülaldan ibarətdir və bədənin birləşdirici toxumasının əsas komponentidir. Təbii formalaşan zülallardan ibarət olan elastin də birləşdirici toxumada mövcud olur və onun elastiklik xüsusiyyətlərini təmin edir. Bu birləşdirici toxuma dermisin genişlənməsi və sıxılması yolu ilə bədənin davamlı hərəkətinə uyğunlaşmasına imkan verir, lakin sürətli çəki artımı zamanı uyğunlaşmaq üçün kifayət qədər vaxt olmaya bilər, bu da dəri toxumasında daxili yırtıqlara səbəb olur. Bu yırtıqlar özlərini bərpa etdikdə, dəri çatları kimi tanınan çapıqlar əmələ gətirir. Faydalı analoq kimi yayın dartılmasını qeyd edilə bilər. Yayı onun təbii elastik limiti kimi tanınan müəyyən diapazonda dartıb uzatsanız, o təkrar-təkrar ilkin ölçüsünə qayıdacaq. Lakin, yayın təbii elastik limitini aşsanız, o daimi dartılmış vəziyyətdə qalacaq və ilkin ölçüsünə qayıtmayacaq. Dəri çatları əhəmiyyətli tibbi problem olmasa da, onların yarandığı insanlarda emosional narahatlığa səbəb ola bilər. Onların yaranması ehtimalı dəri növü, yaş, irsiyyət, qidalanma və dərinin nəmlənmə səviyyəsindən asılı olaraq dəyişir. Dəri çatının formalaşma mərhələləri aşağıdakılardır: Birinci mərhələ İlk vaxtlar dəri çatları solğun rəngdə olur və qaşınma ilə müşayiət oluna bilər. Dəri çatlarının birbaşa ətrafındakı dəri də “yastı” və “nazik” görünə bilər. İkinci mərhələ Tədricən dəri çatlarının uzunluğu və eni artır, rəngi tündləşir və daha qabarıq olur. Üçüncü mərhələ Dəri çatları yetkinləşdikdə və dəri artıq gərginlik altında olmadıqda, solmağa və solğunlaşmağa başlayır. Onlar həmçinin bir qədər çökək və qeyri-müəyyən formada və uzunluqda ola bilər.
HAMILƏLİK ZAMANI DƏRİ ÇATLARININ FORMALAŞMASI
Təxmini hesablamalara görə, hamilə qadınların 50%-dən 90%-ə qədəri dəri çatlarına meyillidir. Hamiləlik zamanı bədən dəyişdikcə dəri çatları dərinin ən çox dartıldığı yerlər olan qarın, bədən, bel, belin aşağı hissəsi, omba və döşlər kimi nahiyələrdə yarana bilər. Onlar bədənin hər hansı bir yerində yarana bilsə də, əsasən böyük miqdarda yağın toplandığı yerlərdə yaranması ehtimalı daha yüksəkdir. Dəri çatları adətən hamiləliyin son trimestrində (təxminən altıncı və ya yeddinci ayda) nəzərə çarpsa da, bəzi qadınlarda birinci trimestrdə görünməyə başlayır. Hamiləlik zamanı dəri çatları həmçinin hormon səviyyələrinin artması ilə dərinin doğuşa hazırlaşması nəticəsində də yarana bilər. Bu hormonlar dəriyə daha çox su çəkərək kollagen lifləri arasındakı bağları zəiflədir. Bu, dərinin dartılarkən yırtılmasını və dəri çatlarının əmələ gəlməsini asanlaşdırır. Dəri çatlarının yaranması ehtimalı dəri növü, yaş, irsiyyət, qidalanma və dərinin nəm səviyyəsindən asılı olaraq dəyişir.
İSTEHSAL
Bio‑Oil® Skincare Oil məhsulunun istehsalı kosmetik məhsullar üçün ISO 22716:2007 Qabaqcıl İstehsal Təcrübəsi (GMP) tələblərinə uyğundur. Bio‑Oil® Skincare Oil məhsulunun istehsalında istifadə edilən bütün xam maddələr üçün Analiz Sertifikatı (Certificate of Analysis - COA) və bütün qablaşdırma materialları üçün Uyğunluq Sertifikatı (Certificate of Conformance - COC) təmin olunur. Keyfiyyətə nəzarət testlərindən keçənə qədər heç bir xam maddə və ya qablaşdırma materialı istehsala buraxılmır. Hər bir qarışdırılmış Bio‑Oil® Skincare Oil partiyası üçün unikal partiya nömrəsi təyin edilir. Partiyadan götürülmüş nümunə laboratoriya tərəfindən xarici görünüş, şəffaflıq, qoxu, spektrofotometrik identifikasiya, sıxlıq, özlülük və mikrobioloji parametrlər üzrə test edilir. Nümunə altı il saxlanılır. Bio‑Oil® Skincare Oil məhsulunun doldurulması və qablaşdırılması temperatur və rütubətə nəzarət edilən bir müəssisədə həyata keçirilir. Tozla çirklənmənin qarşısını almaq üçün hava yüksək effektivliyə malik hissəcikli hava (HEPA) filtrasiya sistemindən keçir. İstehsal xətlərində işləyən işçilər baş örtüyu, üz maskası, üz qoruyucusu, əlcək, palto və ayaqqabı örtüyü geyinir. Gözlənilməz qüsurlara qarşı ehtiyat tədbiri kimi istehsal xəttindən müəyyən aralıqlarla nümunələr götürülür və Keyfiyyətə Nəzarət şöbəsi tərəfindən yoxlanılır. Partiya nömrəsi şüşə, karton qutu və qablaşdırma üzərində çap olunur və hər bir istehsal partiyasından götürülmüş saxlama nümunəsi dörd il müddətində saxlanılır. Bio‑Oil® Skincare Oil məhsulunun istehsalı zamanı heç bir zərərli emissiya, təhlükəli tullantı və ya çirkab suları yaranmır.
SAXLAMA TƏLİMATLARI
Bio‑Oil® Skincare Oil birbaşa günəş işığından uzaq, sərin bir yerdə saxlanılmalıdır.
TƏKRAR EMAL
Bütün Bio‑Oil® Skincare Oil qablaşdırmaları (şüşə, tıxac, qapaq və karton) təkrar emala yararlıdır.
AÇILDIQDAN SONRAKI İSTİFADƏ MÜDDƏTİ (PAO)
Bio‑Oil® Skincare Oil məhsulunun açıldıqdan sonrakı istifadə müddəti 36 aydır. Bu, məhsulun açıldıqdan sonra təhlükəsiz olduğu və istehlakçıya heç bir zərər vermədən istifadə edilə biləcəyi müddətdir.
SERTİFİKATLAR
Bio‑Oil® Skincare Oil halal və koşer sertifikatlarına malikdir.
MƏNFI REAKSİYALAR
Bio‑Oil® Skincare Oil təhlükəsiz toksikoloji profilə malik olmasına və bununla bağlı beynəlxalq qaydaların tələblərinə cavab verməsinə baxmayaraq, bütün kosmetik məhsullar kimi, Bio‑Oil® Skincare Oil istifadəçilərinin də məhsulu istifadə edərkən mənfi reaksiyalarla qarşılaşmaq riski mövcuddur. Mənfi reaksiya halında məhsulun istifadəsi dərhal dayandırılmalıdır. Mənfi dəri reaksiyası simptomlarına adətən məhsulun tətbiq olunduğu sahədə yaranan səpgilər, şişkinlik və iltihab daxil ola bilər. Bu reaksiyalar qaşınma və yüngül narahatlıq ilə müşayiət oluna bilər. Əksər hallarda, mənfi reaksiyalar məhsulun istifadəsi dayandırıldıqdan sonra iki-üç gün ərzində aradan qalxır. Reaksiya azaldıqca, dəri ilkin vəziyyətinə qayıdana qədər quru və qabıqlı görünə bilər. Bio‑Oil® Skincare Oil məhsulunun tətbiqinə potensial allergik reaksiya ilə bağlı hər hansı bir narahatlıq varsa, bunu yoxlamaq üçün sadə allergiya testi keçirmək məsləhətdir. Bunun üçün az miqdarda məhsulu qolun daxili hissəsinə tətbiq etmək və hər hansı bir reaksiya olub olmadığını yoxlamaq üçün 24 saat gözləmək lazımdır. Dərinin nəzərəçarpacaq dərəcədə qızarması (eritema) və ya yüngül şişməsi (ödem) allergik reaksiya potensialını göstərə bilər.
HEYVANLAR ÜZƏRİNDƏ TEST EDİLMƏYİB
Bio‑Oil® Skincare Oil və onun tərkibinə daxil olan xammallar kosmetik məqsədlərlə heyvanlar üzərində testlərin aparılmasına dair Aİ reqlamentlərinə uyğun istehsal edilir. Bio‑Oil® Skincare Oil və onun tərkibinə daxil olan inqrediyentlər nə Bio‑Oil, nə də onun xammal təchizatçıları tərəfindən heyvanlar üzərində sınaqdan keçirilmir.
VEQAN
Bio‑Oil® Skincare Oil məhsulunun tərkibində heç bir heyvan mənşəli inqrediyent yoxdur.
TƏSADÜFİ UDULMA
Bio‑Oil® Skincare Oil təsadüfən udularsa, toksik olmadığı üçün ürəkbulanma və ishal hisslərindən başqa hər hansı mənfi təsirin baş verməsi ehtimalı azdır. Lakin xüsusilə körpə və ya uşaq tərəfindən təsadüfən qəbul edilərsə, həkimə müraciət etmək tövsiyə olunur.
GÖRÜNÜŞDƏ DƏYİŞİKLİK
Bio‑Oil® Skincare Oil məhsulunun tərkibində işığa həssas olan kalendula, çobanyastığı, lavanda və rozmarin bitkilərinin ekstraktları, efir yağları, həmçinin vitamin A var. Günəş işığına məruz qalma zaman keçdikcə rəng dəyişikliyinə səbəb ola bilər. Lakin məhsulun effektivliyinə təsir göstərməsi ehtimalı azdır. Ehtiyat tədbiri olaraq, Bio‑Oil® Skincare Oil şüşələri ultrabənövşəyi şüa absorberi ilə təmin olunur. Bununla belə, məhsul birbaşa günəş işığından uzaqda saxlanılmalıdır.
SON YENİLƏMƏ TARİXİ
22 avqust 2023-cü il